Xəzərin hüquqi statusu probleminə Türkmənistanın yanaşması
17 iyul 2014 13:08 (UTC +04:00)

Xəzərin hüquqi statusu probleminə Türkmənistanın yanaşması

Xəzərətrafı dövlətlərdən biri də dünyada qaz ehtiyatları ilə zəngin dövlət kimi tanınan Türkmənistan Respublikasıdır ki, bu məsələ ilə bağlı onun  mövqeyi bir qədər fərqlidir. Xarici şirkətlərlə birgə iş aparmaq və öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq baxımından Azərbaycanla eyni mövqedə olmasına baxmayaraq, milli sektorların sərhədləri, xarici kapitalı cəlb etmə baxımından Azərbaycanla rəqabətdə olan Türkmənistanın rəsmi mövqeyi İran və Rusiya mövqeyinə yaxın hesab olunur.

Türkmənistanın Xəzərin statusu ilə bağlı mövqeyində gərginlik yaradan əsas məsələlərdən biri Xəzərdəki bəzi yataqlarla bağlı Azərbaycana qarşı bir sıra iddialarla çıxış etməsidir. Hesab olunur ki, hələ 1997-ci ilin yayında İslam Konfransı Təşkilatının Aşqabadda keçirilən Sammitində Türkmənistan rəhbərliyi Azərbaycan tərəfinə “Azəri” və “Çıraq” yataqlarının Azərbaycanın deyil, Türkmənistanın sektorunda olduğunu sübut etməyə çalışmış və müəyyən kompensasiya müqabilində bu yataqlara iddiadan əl çəkməyə hazır olduğunu bildirmişdir. Əsas iddia isə, türkmənlərin “Sərdar” adlandırdıqları “Kəpəz” yatağı ilə bağlı idi. Təxmini hesablamalara görə, bu yataqda 80 milyon tondan artıq neft ehtiyatı vardır.

2007-2009-cu illərdə Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşlər və danışıqlar münasibətlərə müəyyən konstruktivlik gətirmişdir. Hazırda tərəflər arasında “Kəpəz”in birgə istismarı və orta xəttin müəyyən edilməsi ilə bağlı kompromis bir variant müzakirə edilir. Proqnozlara görə bu ideya ətrafında gələcəkdə iki ölkə arasında razılığa gəlinəcəyi real görünməkdədir.

Göründüyü kimi, Türkmənistanla Azərbaycan arasında yaranmış problemin aradan qaldırılması üçün hər iki ölkənin rəhbərliyi bir sıra addımlar atmışdır və bu gün artıq Türkmənistan Xəzərin sektorlara bölünməsini təklif edən Azərbaycanın mövqeyi ilə qismən razılaşmışdır. O, Xəzərin dibinin milli sektorlara bölünməsini artıq qəbul edir.

Qeyd edək ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bu il aprelin 2-də  Bakıda olarkən prezident İlham Əliyevlə Xəzərin statusu məsələsini müzakirə edib. R.Meredov Bakı danışıqlarının nəticələrindən razı qaldığını bildirib. Bu isə növbəti sammitdə məsələnin həlli ilə bağlı daha konstruktiv mövqelərin nümayiş etdirilməsinə umid yaradır.

Ləman Xəlilova

“Azerbaijan Realities”

                

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar