Orta məktəblərdə attestat qiymətlərinin şişirdilməsi faktı bütün fənlərdə qeydə alınıb. Bu, TQDK tərəfindən aparılan araşdırma nəticəsində məlum olub. Lent.az-ın məlumatına görə, bu şişirdilmə coğrafiya, fizika və tarix fənləri üzrə qiymətləndirmədə özünü daha çox qabarıq göstərir.
Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.80%-nin qəbul imtahanlarında da nəticələri çox zəif - 0-200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 37,75 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir: “Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək.
Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər faktorlarla yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. Fənlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi aparılıb. Bunun üçün abituriyentlərin hər bir fənn üzrə topladıqları balların məktəb qiymətləri ilə korrelyasiyası hesablanıb. Məlum olub ki, ümumi təhsil müəssisələrində nisbətən obyektiv qiymətləndirmə ana dili, riyaziyyat və biologiya fənləri üzrə aparılır. Fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə 89-98 faizi 0-40 intervalında nisbi bal toplayıb”.