“İyunun 2-də 9-cu və 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək”. Lent. az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. O, qeyd edib ki, iyun 2-də keçiriləcək buraxılış imtahanı Bakı şəhərində, rus bölməsi üzrə isə Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakəndə olacaq. Onun sözlərinə görə, bu gündən buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanır: “Hər bir şəxs həm özü, həm də təhsil aldığı məktəbin direktoru tərəfindən bu buraxılış vərəqəsini əldə edə bilər. Buraxılış vərəqəsinin verilməsi tamamilə pulsuzdur və buna görə heç bir şagirddən əlavə pul tələb oluna bilməz. İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498 nəfər, XI sinif üzrə isə 29 609 nəfər şagird iştirak edəcək. İmtahan binalarının yerləşdiyi ünvanlar imtahana bir neçə gün qalmış TQDK-nın saytında yerləşdiriləcək. Mən imtahanda iştirak edəcək şagirdlər və onların valideynlərinə müraciət edirəm ki, imtahanla bağlı suallarını komissiyanın poçt ünvanına göndərərək vaxtında cavab ala bilərlər”.
TQDK sədri onu da vurğulayıb ki, respublika üzrə keçiriləcək buraxılış imtahanlarında 65 455 nəfər oğlan, 56 374 nəfər qız (IX sinif üzrə) imtahan verəcək. Respublika üzrə 50 052 nəfər oğlan, 39 122 nəfər qız isə XI siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Hər iki sinif üzrə göstəriciyə nəzər saldıqda məlum olur ki, imtahanlarda oğlanlar üstünlük təşkil edir. Bu da onunla bağlıdır ki, qızlar IX sinifdən sonra orta məktəbi oxumurlar.