Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında dərsliklərin müzakirəsi davam etdirilir. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Növbəti seminar iclasda tarix fənni üzrə respublikanın ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərin elmi metodiki monitorinqi ilə bağlı müzakirələr aparılıb.
Gündəlik məsələ, ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan tarixi” dərsliyinin müzakirəsi ilə bağlı olub.
Dərslik müəllifinin də iştirak etdiyi seminar iclasında dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilib və təkliflər verilib.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Quba və Lənkəran regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.
TQDK-da həmçinin biologiya fənni üzrə ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı da iclas keçirilib.
Müzakirələrdə iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirib, təkliflər verilib.