Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və ötən həftə ərzində görülən işlər haqqında müzakirələr aparılıb.
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun hüquqlarını müdafiə komitəsinin yaradılması məsələsi diqqət mərkəzində olub. Qubad İbadoğlunun sədrliyi ilə fəaliyyət göstərəcək müdafiə komitəsinin işində vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri, o cümlədən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Novella Cəfəroğlu və başqaları iştirak edəcək. Yaradılacaq komitənin İsmayıllı hadisələrində həbs edilmiş digər siyasi məhbusların, həmçinin REAL-ın mövqeyini diqqətə almaq şərtilə İlqar Məmmədovun da hüquqlarını müdafiə etməsi nəzərdə tutulur.
İctimai-siyasi vəziyyətin təhlili zamanı Divan hakimiyyətin QHT-lərin qrant və ya ianə qəbulu ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri pisləyib. Bildirilib ki, bu dəyişikliklər xüsusilə də qeydiyyatı olmayan, amma kifayət qədər aktivlik göstərən QHT-lərin fəaliyyəti üçün çətinliklər yaradacaq.
Toplantıda partiyanın qərargahı olan rayon və şəhər təşkilatlarına qarşı təzyiqlər də müzakirə olunub. Divan partiyanın rayon təşkilatlarına qarşı bu təzyiqləri pisləyib.