ABŞ-ın Texas ştatında Xocalı Soyqırımının anılması haqqında qətnamə qəbul olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Texas ştatı Nümayəndələr Palatasına Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməni Palatanın üzvü Cin Vu təqdim edib.
Fevralın 24-də Hyuston şəhərində Azərbaycanlıların Amerika Mədəni Alyansı (AAMA) tərəfindən Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Cin Vu qətliam barədə öyrəndikdə kədərləndiyini və bu kimi faciələrin yenidən təkrarlanmaması üçün onları xatırlamağın vacib olduğunu söyləyib.
Cin Vunun təqdim etdiyi qətnamədə 1988-1994 cü illərdə Dağlıq Qarabağda alovlanan müharibə və erməni silahlı qüvvələrinin Rusiya hərbi qoşunlarının müşayiəti ilə Azərbaycan torpaqlarını işğal etməsi xatırlanır. İşğal zamanı Xocalını tərk etməyə çalışan dinc əhaliyə qarşı Rusiya və Ermənistan ordusu tərəfindən törədilən bu qətliamda 1000-dən artıq insanın həlak olduğu qeyd olunur. Qətnamədə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pisləndiyi, habelə bir sıra xarici dövlət və ABŞ-ın digər ştatlarının bu faciəyə diqqət yetirdiyi qeyd olunaraq, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanır.
Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vu bütün bunları nəzərə alaraq təmsil etdiyi qurumu Azərbaycanda baş verən Xocalı qətliamının 21-ci ildönümünü anmağa çağırır.