İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçivəsində iyulun 4-ü saat 1-2 radələrində Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Büləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəyi aşkarlanıb.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tərtər Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri rayonun Büləvətli meşəsində aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Bildirək ki, laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Nəzərinizə çatdıraq ki, DBNX insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdirəcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.