Azərbaycanda teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir
Azərbaycanda teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, o cümlədən teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı cəzalar sərtləşdirilir.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklik müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cəzalar vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir.
Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə 1000 manatdan 2000 manata qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.