Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. 2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Bu ilin avqustun 1-dən start verilən transfer portalından orta ixtisas 720 nəfər, ali təhsil 2945 nəfər köçürülmək üçün müraciət edib.
Həmçinin, magistiratura səviyyəsində təhsil alan tələbələr də bu portalın imkanlarından istifadə edə bilər.
Sabah portalda elektron ərizələrin qəbulu başa çatacaq. Mövcud qaydalara əsasən, hər bir tələbə portalın imkanlarından yararlanaraq təhsil aldığı ali təhsil müəssisəsini və eyni ixtisas qrupu çərçivəsində ixtisasını dəyişmək hüququna malikdir.