Təhsil naziri “Ali təhsil müəssisində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni təsdiq edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əsasnaməyə əsasən, elmi tədqiqat işlərinin əsas məqsədi tələbələrdə yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması və gücləndirilməsi, gənclərin elmi, texnoloji, yaradıcı və tətbiqi fəaliyyətə cəlb olunması formalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ali təhsilli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədris-elm-tərbiyə prosesinin vəhdətini təmin edən sistemin yaradılmasıdır.
Tələbələrə elmi biliklərin, xüsusilə yeni elmi biliklərin rasional və effektiv əldə olunması və istifadə edilməsi metodlarının öyrədilməsi, vahid təlim-tərbiyə sistemi çərçivəsində ali təhsil sisteminin elm və istehsalat fəaliyyətinə inteqrasiyasının yeni formalarının axtarılması və təkmilləşdirilməsi, tələbələrə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, tələbələrin elmi tədqiqatlarda və texniki yaradıcılıqda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi, elm, texnika və istehsalat sahələrində mövcud olan yeni texnologiyaların mənimsənilməsinin təşkil edilməsi, tələbələrin müasir elmi metodologiyalarla, habelə elmi etika normaları ilə tanış
edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının öyrədilməsi TETİ-nin əsas vəzifələrindəndir.
Qeyd olunan əsasnaməyə görə, elmdə və təhsil alanların elmi tədqiqat işinin təşkilində əldə etdikləri nailiyyətlərə görə tələbələr ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən fəxri fərman, diplom, qiymətli hədiyyələr, pul mükafatları, pulsuz istirahət putyovkaları və s. ilə rəğbətləndirilə bilər.
Elmi nailiyyətlər qazanmış tələbələr xarici ölkələrdə keçirilən elmi olimpiada, konfrans, müsabiqə və sərgilərdə iştirak etmək üçün ali təhsil müəssisəsinin vəsaiti hesabına göndərilə bilər.
Fəal elmi işlə məşğul olan və təhsildə yüksək göstəricilər əldə edən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada adlı təqaüdlər verilə bilər.