Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin yanvar ayında 658 müraciət edilib. Bu barədə Lent. az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Sorğular müəllimlərin işə qəbulu, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkənin təhsil müəssisələrinə köçürülməsi, və başqa məsələlərlə bağlı olub.
Şikayət xarakterli müraciətlərin ümumi sayı 67 olub. Bu müraciətlər ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.
Şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər məsələləri əhatə edib.
Bakı şəhər məktəbləri üzrə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 146 saylı tam orta məktəbin fizika müəlliminə töhmət verilib və 171 saylı məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq olunub.
İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı 1 müraciət daxil olub. Həmin müraciət Sumqayıt şəhər 3 saylı Peşə məktəbi ilə əlaqədardır.