Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ. Məmmədov adına 27 saylı nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının tədris ocaqlarının fəaliyyət səviyyəsinin yüksəldilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Bakı şəhər 225 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Fikrət Xəlilov, Gəncə şəhər İ.Məmmədov adına 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Novruz Dəmirov məlumat veriblər.
Mingəçevir şəhər 10 nömrəli tam orta məktəb üzrə aparılmış araşdırmanın nəticələrini nəzərə çatdıran Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev, təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib. H.Zərbəliyev məktəbdə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.
Qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təhsil naziri ümumi təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qarşıda duran vəzifələrə dair fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər 225 saylı tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.