Azərbaycan Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bəzi təhsil ekspertlərini tənqid edib. Lent.az-ın məlumatına görə, F.Şahbazlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında V sinfi üçün riyaziyyat dərsliyinin müzakirəsi zamanı deyib ki, dərslikləri tənqid edən ekspertlər vaxtilə dərslikləri qiymətləndirmək və onlarıт yaxşı formada hazırlanması üçün Təhsil Nazirliyinə dəvət edilib: “Lakin onlar şagird hazırlığını, vaxtlarının azlığını bəhanə gətirərək bu müzakirələrdə iştirak etmədilər. Biz dərslikləri qiymətləndirmək üçün xaricdən ekspert gətirməli deyilik. Bu qiymətləndirilmədə öz müəllimlərimizin əməyindən istifadə etməliyik”.
F.Şahbazlı qeyd edib ki, hamının məqsədi yaxşı kitabı hazırlamaq və ortaya çıxarmaqdır. Onun sözlərinə görə, ancaq müzakirələrdə təkcə səhvlər deyilməməlidir: “Əgər dərslikdə hansısa məqamlarda iradlar yoxdursa, onların yaxşı olduğunu demək lazımdır. Müzakirələr artıq canlı şəkildə göstərilir deyə vəziyyət bir qədər də gərginləşib. Müzakirələrdə dərsliklərdəki pis tərəflərlə yanaşı, yaxşı cəhdlər də qeyd olunmalıdır”.
F.Şahbazlının səsləndirdiyi fikirlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyevanın ciddi narazılığına səbəb olub. O bildirib ki, monitorinq keçirilməsinin öz qayda-qanunu var: “Monitorinqdə əvvəl müzakirələr aparılır, rəy və təkliflər verilir, sonda nəticə çıxarılır. Nəticəyə əsasən, dərsliklərdəki problemlərlə yanaşı, müsbət cəhətlər də qeyd olunur. Ona görə də səsləndirilən iradlar düzgün deyil”.