Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına 49 yer ayırıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyinin Rusiyanın Azərbaycandakı səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimı saxlanılması barədə razılıq əldə olunub. Rusiyanın ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Namizədlərin qeydiyyatı iyunun 13-dək aparılacaq. Qeydiyyatdan keçən abituriyentlər iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər.
Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Təhsil Nazirliyinə təqdim edilməlidir. Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödəniləcək. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə və ildə bir dəfə Rusiyaya pulsuz gediş-gəliş bileti ilə təmin olunacaqlar.
Qeyd edək ki, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 6-da Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edib.