Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.
Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ilk-peşə və orta ixtisas, ali təhsil, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2 mart 2015-ci il tarixinədək Nazirliyə hesabat təqdim ediləcək.