“Hazırda ölkə ərazisində 27 tarix, mədəniyyət və etnoqrafiya qoruğu var. Son 5 ildə respublika üzrə 4 mədəniyyət qoruğu yaradılıb”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Nazirin müavini bildirib ki, abidələrin mühafizəsi sahəsində gündəlikdə duran əsas məsələlərdən biri tarix və mədəniyyət abidələrinin yeni pasportlarının hazırlanmasıdır. Onun sözlərinə görə, 2012-ci ildə "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən nümunə olaraq Xəzər rayonunun dünya əhəmiyyətli olan Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qəsrinin pasportu tərtib edilib. Bu nümunə əsasında, ilk növbədə, 234 abidənin pasportlaşdırılması nəzərdə tutulur.
Vaqif Əliyevin sözlərinə görə, cari işlərdən biri mühafizə zonalarını əks etdirən xəritələrin hazırlanmasıdır: “Mütəxəssislər tərəfindən hər il bir qayda olaraq, 50-yə yaxın mühafizə zonası dəqiqləşdirilərək sənədləşdirilir. Ötən il Gəncə, Oğuz , Şamaxı, Ağcabədidə qanun pozuntularının qarşısı alınıb”.
Vaqif Əliyev bildirib ki, hazırda Suraxanıdakı Atəşkəs, Şəkidə Şəkixanovlar evində, Xınalıqda Abu-Müslim məscidi, Gəncədə Şah Abbas, Bərdədə “Allah-Allah”, Füzulidə Şeyx Babı türbəsi, Gürcüstandakı sərhəddə Sınıq körpüdə bərpa işləri aparılır.
Nazir mavini bildirib ki, hazırda ölkədə dövlət mühafizəsinə götürülmüş 6308 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. 2001-ci ildə əsaslanan məlumatın yenilənməsi üçün dövlət reyestrinə əsaslanan bu məlumat hazırlanmışdı.