TQDK Təhsil Nazirliyinin nümayəndələri ilə dərslikləri müzakirə edib
Azərbaycan tarixi fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclas keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Gündəlik məsələ, ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Azərbaycan tarixi dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsi ilə bağlı olub. Seminar iclası komissiyanın internet saytı vasitəsilə canlı yayımlanıb. İclasda Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, şöbənin əməkdaşı Zülfiyyə Rzayeva, dərslik müəllifləri Hafiz Cabbarov, Leyla Hüseynova və “Təhsil” nəşriyyatının əməkdaşı iştirak ediblər.
İclasda həmçinin, Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri iştirak ediblər.
Müzakirədə dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilib. Müzakirələr zamanı dərsliklərdə ciddi qüsurların olduğu məlum olub.
Qeyd edək ki, biologiya fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı da seminar iclası keçirilib.
İclasda dərsliyin məzmunu elmi-metodiki baxımdan müzakirə edilib. Dərsliyin üslubu, dizaynı, oradakı şəkillər, illüstrasiyalarla bağlı fikirlər bildirilmiş, təkliflər verilib.