Son bir neçə ay ərzində respublika ərazisində intensiv atmosfer yağıntıları olmadığı üçün sürüşmə ərazilərində aktivlik müşahidə olunmayıb.
Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Bakı və Abşeron yarımadasında sürüşmə ərazilərində ciddi aktivliyin müşahidə edilmədiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev və Xanlar küçələrində sürüşmə ərazilərində nisbi aktivlik müşahidə olunub. Başqa sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınmayıb.
R.Həsənov əlavə edib ki, ərazilərdəki subasmaların dinamikasında da aktivlik yoxdur, amma sular hələ də qalıb, ərazilərdən təmiz çəkilib getməyib: “ Subasma sahələrində aktivlik müşahidə olunmasa da payız-qış aylarındakı durum yenə təkrar olunur. Həmin vəziyyətdədir. Dinamikada stabillik müşahidə olunur”.