Bakıda yeni nəzarət kameraları quraşdırılıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, qanunsuz parklama halları paytaxt yollarında tıxaclara səbəb olduğu üçün bir müddət əvvəl Bakıda qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanılıb: “Müəyyən olunmuş ərazilərdə sürücülər üçün avtomobillərini yalnız bu ərazilərdə park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir. Bundan əlavə, məlumat üçün bildiririk ki, paytaxtda parkomatlar quraşdırılan və eyni zamanda, avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər də mövcuddur".
Agentlik rəsmisi deyib ki, bununla bağlı olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən monitorinqlərə başlanılıb və bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib: "Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir”.