Sumqayıtdakı “Karvan” ticarət mərkəzindəki yanğından ziyan çəkən sahibkarların qeydiyyatına başlanıb. Ticarət mərkəzinin qarşısına yığışan sahibkarların qeydiyyatı şəhər İcra Hakimiyyəti nümayəndələri tərəfindən aparılır.
APA TV-nin xəbərinə görə, İcra Hakimiyyətinin şöbə müdiri Seyfəddin Rəhimov deyir ki, qeydiyyat başa çatandan sonra onlara yardım göstərilməsi barədə məsələyə baxılacaq.
Seyfəddin Rəhimov, SİH-nın şöbə müdiri deyib ki, özəl obyekt olduğu üçün hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur: “Bununla bağlı yalnız Nazirlər Kabineti qərar verə bilər. Hər halda hansısa formada köməklik ediləcək. Biz bununla bağlı hökumətə müraciət edəcəyik”.
Sahibkarlar isə onlara dəyən ziyana görə kompensasiya verilməsini istəyirlər.
Sahibkarlardan biri ona 10 min manta ziyan dəydiyini bildirib: “Hec nə çıxara bilmədik. Bütün malım yandı, 3 mağazam vardı. Hamısı yandı”.
Yanan Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov isə deyir ki, ümumilikdə 100- 200 milyon manat ziyan dəyib. Bazar rəhbərliyi, hökumət tərəfindən sahibkarlara dəymiş zərərə görə köməklik olunacaq.
Ticarət mərkəzinin rəhbəri bazarın 1 milyon manatlıq sığortası olduğunu bildirdi.