SOS! Azərbaycanda doğulmamış qız uşaqları məhv edilir!
19 fevral 2009 10:30 (UTC +04:00)

SOS! Azərbaycanda doğulmamış qız uşaqları məhv edilir!

İctimaiyyət nümayəndələri və mütəxəssislər vəziyyətin acınacaqlı həddə çatdığını bildirirlər

Nə yazıq ki, hələ də bir çox şərq ölkələrində qız uşağı doğulanda ataya “canın sağ olsun” deyə təsəlli verirlər. Azərbaycanda da bu cür düşünənlər mövcuddur. Bu yaxınlarda ölkə telekanallarından biri ölkəmizin ciddi demoqrafik problemlə üzləşdiyi barədə məlumat yaydı. Məlumatda bildirilirdi ki, hamiləliyin ilkin həftələrində ultra səslə dölün cinsinin qız olduğunu müəyyənləşməsi çox vaxt dünyaya gəlməyən körpənin məhvinə səbəb olur.

Statistik göstəricilərə əsasən, ötən il Azərbaycanda 54 faiz oğlan, 46 faiz qız dünyaya gəlib. Ekspertlər bu vəziyyətin təsadüfən də ortaya çıxa bilməsindən danışırlar. Təbii, elə il ola bilər ki, qızların doğumu oğlanları üstələsin. Amma bu istiqamətdə apardığımız kiçik araşdırma problemin başqa mənbədən qaynaqlandığını göstərir.

Həkim-ginekoloq Gülsəba Məhərrəmova deyir ki, bəzi qadınlarımız evdə bir qızı varsa, artıq ikincisini istəmir. İkinci hamiləlikdə dölün qız olduğunu müəyyənləşdirən kimi, hamiləliyi yarımçıq saxlayırlar. Gülsəba xanımın sözlərinə görə, hətta çox vaxt xanımlar səhhətlərini təhlükə altına alsalar belə, əməliyyatdan çəkinmirlər. Söhbətimizdən belə bəlli oldu ki, çox vaxt qadınları buna kişilər məcbur edir. Həkim deyir ki, onun bu cür istəkdə olan xeyli pasiyenti olub. Onlardan birinin hekayəti daha diqqət çəkən idi.

...Bir qadının ilk uşağı qız olduqdan sonra ikincisinin oğlan olmasını arzulayıb. Növbəti 4 hamiləliyin hamısında döl qız olub və onlar doğulmamış öldürülüblər. Dördüncü əməliyyat isə çox riskli olub. Həkimlər qadına bu əməliyyata girməməyi tövsiyə etsələr də, o, həyat yoldaşının heç vəchlə ikinci qızı istəmədiyini söyləyib. Həyatı bahasına bu əməliyyata girib və ortaya çıxan problemlər nəticəsində qadının uşaqlıq orqanı götürülüb. Beləliklə, gənc qadın bir daha hamilə qalmaq imkanını itirib. Əməliyyatdan sonra isə reallığı öyrənən qadın psixoloji sarsıntı keçirib, onun özünə gəlməsi xeyli zaman alıb.

Adının çəkilməsini istəməyən ultrasəs müayinəsi üzrə mütəxəssisin söylədikləri bizi doğrudan da təəccübləndirdi. Həkim deyir ki, hamilə qadınların bir çoxu müayinəyə gələrkən, dölün sağlamlığından çox, onun cinsi ilə maraqlanırlar: “Bəzilərinə deyirəm ki, körpənin ürək səslərinə qulaq asmaq istəyirsənmi, deyir yox, de görüm qızdır, yoxsa oğlan? İlkin həftələrdə dölün cinsini müəyyənləşdirmək çətin olur, yalnız 12-13 həftəsində qəti söz demək mümkündür. Müayinə etdiyim xeyli qadın qız uşağını istəməyib. Amma maraqlıdır ki, evdə iki oğlu olsa belə 3-cünü istəyirlər, amma bir qızdan sonra ikincini istəmirlər. Bizdə dölün məhv edilməsi məsuliyyətə səbəb olmadığından onlara heç kim mane ola bilməz”.

Məsələnin ciddi miqyas almasından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də narahatdır. Qurum bu sahədəki vəziyyətin parlament səviyyəsində müzakirə edilməsini istəyir.

“Lider Qadınlar” İctimai Birliyinin sədri, Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova bu problemin təhlükəli dərəcədə ciddi xarakter aldığını düşünmür: “Bu işlə bağlı araşdırma aparmaq lazımdır. Əgər Səhiyyə Nazirliyindən dölün qız olduğuna görə hamiləliklərin dayandırılması ilə bağlı sənəd təqdim olunarsa, onda bu məsələni parlamentdə qaldırmaq olar. Bəzi adamlar ailə planlaşdırmasını bu cür apara bilər. Amma biz bunu diskriminasiya hesab edirik. Burada söhbət təkcə qız uşağından yox, ümumiyyətlə, insan amilindən gedir. Doğulmamış insanın məhv edilməsi doğru sayıla bilməz”.

Məlahət xanım Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin bu məsələni qaldırdığı üçün alqışladığını da qeyd etdi. Eyni zamanda, onu da vurğuladı ki, real vəziyyətin ortaya çıxmasında Səhiyyə Nazirliyi mühüm rol oynayacaq.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, vəziyyət doğrudan da bu həddə çatıbsa, bu, utanc və acı verici bir haldır. Onun sözlərinə görə, bu vəziyyətdən xəbər tutsa, dünya bizə gülər: “Onsuz da Azərbaycanı bir çoxları geridə qalan şərq ölkələri ilə müqayisə etmək istəyirlər. Bir çox məsələlərdə düşüncə tərzimiz bizə indiyə kimi çox zərər verib. Əgər vəziyyət belədirsə, bu, artıq qadınlara qarşı soyqırımıdır”.

T.Rüstəmxanlı deyir ki, bu cür halların baş verdiyi cəmiyyətlər insan haqlarından danışa bilməzlər. Birlik sədrinin fikrincə, bu məsələni dərhal araşdırıb, qarşısını almaq lazımdır.

Bir çox inkişaf etmiş ölkələrdə artıq hamiləliyin yarımçıq saxlanılması cinayət məsuliyyətinə səbəb olur. Bu əmələ görə hamiləliyi saxlayan həkim də, əməliyyata daxil olan qadın da məsuliyyət daşıyır. Bəs Azərbaycanda da bu əməlin cinayət hesab edilməsinin vaxtı gəlməyib?

Sualımıza cavab verən Məlahət Həsənova belə deyir: “Mən də hesab edirəm ki, bu məsələnin vaxtı artıq yetişib. Bir çox ölkələrdə ana bətnində dölün öldürülməsi cinayətdir. Amma onu da diqqətdən qaçırmayaq ki, həmin ölkələrdə ciddi ailə planlaşdırılması, arzu edilməyən hamiləliklərin qarşısının alınması istiqamətində xeyli uğurlar əldə ediblər. Bu barədə güclü maarifləndirici iş gedib. Həmin ölkələrin insanları ailə planlaşdırmasını qanuna uyğun, elmi, tibbi əsaslarla həyata keçirirlər. Azərbaycanda da nə vaxtsa belə olacaq. Parlamentdə artıq Sağlamlıq və Ailə Planlaşdırması ilə bağlı qanun layihəsi müzakirə olunur. İndi sizin yuxarıda qaldırdığınız məsələ barədə də ekspert qrupuna məlumat verəcəyik ki, araşdırma aparsınlar və layihədə bunu nəzərə alsınlar”.

Tənzilə Rüstəmxanlı hazırda Azərbaycan ailələrində uşaqların sayının azalmasının özünü də ciddi problem sayır: “Əvvəllər ən az uşağı olan ailələrdə 5 uşaq olardı. İndi çox təsadüfi hallarda ailədə uşaqların sayı 2-ni keçə bilər. Hətta bəziləri bir uşaqla kifayətlənirlər. Bunun özü də düşünməyə əsas verir. Əvvəllər çoxuşaqlı ailələrə dövlət tərəfindən qayğı daha güclü idi. İndi ailələrdə doğulacaq uşağın tam sosial təminatı olmadığından uşağın sayını artıra bilmirlər”.

Tənzilə xanım deyir ki, qız uşaqlarının doğulmamışdan məhvi millətin genefondunu da təhlükəyə salır. Onun sözlərinə görə, qızların getdikcə azalması oğlanların başqa millətdən evlənməsinə gətirib çıxara bilər ki, bu da elə millətin get-gedə zəifləməsi deməkdir. Birliyik sədri deyir ki, qaldırdığımız problemlə bağlı hansısa təşkilat işə başlamaq istəsə onun yanında olacaqlar.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1849
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar