<b>Siz nəyə gülürsünüz?</b>
01 aprel 2019 14:18 (UTC +04:00)

Siz nəyə gülürsünüz?

Həddində olan zarafat, gülüş, gözəl bir təbəssüm insana heç bir ziyan gətirmir, əksinə gözəl əhval-ruhiyyə, pozitiv enerji bəxş edir. Bir şərtlə ki, qarşıdakı insan sənin zarafatılarını anlaya bilsin, gülmək yerinə, səni pərt eləməsin. Daha bir şərt zarafatın səmimi olmasıdır. Birini ələ salmaq məqsədilə edilən zarafat da, ona gülmək də  əksinə insanı çirkinləşdirər, ruhuna qaranlıq gətirir.

Qısa tarix

 

Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və  “ağılsızların günü” adlandırılırmış.

 

Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb.

 

Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

 

Təbii ki, bu günlə bağlı müxtəlif versiyalar var və hansının daha dəqiq olmasından asılı olmayaraq insanlar bu günü qeyd edir.

 

Gülüş günü bir gün qeyd olunsa da, gülüş, yumor hissi həyatımızın ayrılmaz bir parçasısıdır və insanın ehtiyaclarından biridir.

 

Həkimlər də gülüşün insan sağlamlığı üçün çox böyük faydaları olduğunu təsdiqləyir. 

 

1 aprel gülüş günü ilə bağlı yazı hazırlamaq qərarına gələndə şəxsən tanıdığım, tanımadığım bir neçə insanın fikrini öyrənməyə çalışdım.

 

Gərginliyi aradan qaldırmaq üçün zarafat edirəm

 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov mövzu ilə bağlı sualımıza maraqlı cavab verdi.

 

"Yumor hissinə malik bir insansınızmı" sualına "əlbəttə" cavabı gəldi: “Əslində bəzən özümə qarşı böhtan atılmasının şahidi olanda bu, məndə müəyyən dərəcədə yumoristik bir əhval-ruhiyyə yaradır. Məni tanıyanlar ən çətin məqamlarda gərginliyi aradan qaldırmaq üçün zarafat söyləmək kimi gözəl vasitələrdən istifadə etdiyimi təsdiq edə bilərlər. Lətifə dinləməyi xoşlayıram, lakin onları yadda saxlamıram. Dostlarımla görüşərkən keçmişdə birgə yaşadığımız gülməli hadisələr, vəkillərimizin söylədikləri həyatda baş vermiş gülməli epizodlar, kiçik övladımın bəzən etdiyi hərəkətlər, həmçinin kinokomediyalara tamaşa edərkən komedik süjet zamanı ürəkdən gülə bilirəm.

 

Yumor hissi hər bir insanın təbii hissidir və insanı bütün ömrü boyu bu hiss yaşadır, pozitiv enerji verir. Ona görə alimlərin tez-tez gülümsəməyi, yumoru insan ömrünü uzadan əsas amil kimi hər kəsə tövsiyyə edirlər”.

 

Bəzi aparıcıların zarafatlarını dinləməkdən zövq alıram        

 

Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov yumor hissinə malik olmağın bugünkü stressli dünyamız üçün çox vacib ollduğunu bildirdi: “Gündəlik həyatın gətirdiyi gərginliklərdən az da olsa xilas olmaqda yomor hissi köməyə çatır. Ətrafımdakı insanlar yomor hissimin pis olmadığını deyir. Həm iş həyatında, həm dostlarla, həm də əlbəttə ki, ailə üzvlərimlə ünsiyyətdə yumordan istifadə edirəm. Bəzən iradlarımı, narazılığımı da yumorla bildirməyi xoşlayıram. Ürəkdən gülüşə gəldikdə, bu, tez-tez müşahidə olunan hal olmur, əlbəttə ki. Çünki məncə, ürəkdən gələn səmimi gülüşlə kinayəli gülüşü fərqləndirmək vacibdir. Hazırda ürəkdən, amma kinayəli gülüşlər çoxluq təşkil edir. İnsanlar cəmiyyətdə, ətrafda baş verənlərə lağ edib gülürlər. Məncə, ürəkdən səmimi gülüşün səbəblərinin dairəsi azalıb”.

 

T.Dadaşovun icra etdiyi vəzifəsini nəzərə alıb, televiziyalarda yumoristik verilişlərin vəziyyətini də soruşduq: “Onu deyə bilərəm ki, televiziyalarda son zamanlar səviyyəli yumoristik layihələr azlıq təşkil edir. Düzdür, komediya serialları, müəyyən stand-up-lar var. Lakin bunlar qaneedici səviyyədə deyil. TV-lər də daha çox ucuz yumora qaçırlar. Amma əlbəttə ki, tamaşaçı məcbur olub belə yumoristik proqramlara baxmalı olur. Bəzən səhərlər işə gələrkən xoş əhval-ruhiyyədə olmaq istəyəndə radiolara qulaq asmağı sevirəm. Radio aparıcılarından bəzilərinin gözəl yumor hissləri var. Məsələn, yumoristik veriliş olmasa da və baxmayaraq ki, bir neçə dəfə obyektiv olaraq tənqid etmişəm, amma dinləyici kimi, səhərlər yayımlanan "Manpası" verilişinin aparıcılarının bəzən öz aralarında, bəzən isə mövzu ilə bağlı, həmçinin dinləyicilərlə ünsiyyətdə etdikləri zarafatlarını dinləməkdən zövq alıram”.         

 

Vaxt tapıb hərdən gülürük...

 

Sadə insanlarımız isə sanki "bir az məişət qayğılarımız yerindədirsə, gülmək üçün səbəb taparıq" fikrini yaratdılar.

 

Səməd Vurğun bağında təmizlik işləri ilə məşğul olan Nəriman İsmayılov deyir ki, Azərbaycanın gündən-günə çiçəklənməsi, idmançıların göstərdiyi nailiyyətlər, ölkə başçısnın son aylarda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi qərarlar rahatlıq verir və yaşamaq bizim üçün daha da maraqlı olur: “Gülüşə gəlincə deyim ki, vaxt tapıb hərdən gülürük. Gülmək üçün teatra getmək, baxmaq lazımdır. Açığı, mənim işim başımdan j qədər aşır ki, vaxt tapıb gedə bilmirəm. Televiziyada yumoristik kimi təqdim olunan serialların, verlişlərin əksəriyyəti şitdir. Amma adlarını deyə bilməsəm də, mənalı olanlar da var. Yaxşı ki, onlar var, baxırıq. Hərdən dost-tanışla yığışıb zarafatlaşdığımız da olur”.

 

Bağda istirahət edən Lalə xanım, sualı eşidəndə üzünə təbəssüm qonur. Dediyinə görə, onu daha çox övladlarının hərkətləri, danışdıqları güldürür: “Övladlarımın rahatlığı gülmək üçün səbəbim olur”.

 

Sara xalaya verdiyimiz sualın cavabı bir az pərtlik yaradır. "İllər yumor hissini azaldıb, yoxsa..." sualını duyunca gözləri dolur...

 

Deyəsən sualı düzgün qoymamışam, -deyə, fikirləşirəm və təsəlli verib uzaqlaşıram.

 

Əlində qaynar qəhvə içən,  makyajı, geyimi öz yerində olan orta yaşlı bir xanım: “Bu saaat heç nə məni güldürmür”-deyir.

 

Bəs gənclər nəyə gülür?

 

Bu sualımızı 20 yaşlı Samirə ünvanlayırıq. Deyir ki, televiziyaya ümumiyyətlə, baxmır. Ən çox internetdə baxdığı videolara gülür, bir də hərdən dostları ilə də gülməyə mövzu tapdıqlarını əlavə edir.

 

Bax belə. Demək ki, hər birimizin gülmək üçün fərqli də olsa, səbəbləri var.

 

Önəmli olan, diqqət etməli olduğumuz isə gülüşümüzün qəlbləri qırması yox, şəfa olmasıdır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Aygün İbrahimli

Oxşar yazılar