“Bizim özümüzün də yaxşı mütəxəssisə ehtiyacımız olur. Yaxşı da əmək haqqı təklif olunur. Amma tapmaq olmur. Hərənin əlində bir diplom var. Ancaq o kağız parçasından başqa bir şey deyil. O diplomun ekvalenti olan bilik o adamda yoxdur”. Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, bu məsələ ilə orta və ali məktəb məşğul olmalıdır: “Bu elə bir sahədir ki, heç kəs yaxasını çəkə bilməz. Burada hamı məsuliyyət daşımalıdır. Prezident 5 mindən artıq tələbəni dövlət hesabına xaricdə təhsil almağa göndərir ki, oxusunlar, sonra da Azərbaycana qayıdıb fəaliyyətlərini burada davam etdirsinlər. İndi yeni bir sistem tətbiq etmək istəyirlər ki, burada göndərmək yox, xaricdən alimləri dəvət etsinlər. Bu gün ali məktəblərin səviyyəsi olduqca yüksəkdir. Həm təmiri, həm texniki təchizatı yüksək şəkildədir. Onun tərkibində dəyişiklik etmək lazımdır. Dəyişiklik də əmək haqqından asılıdır. Bu olduqca çətin islahatdır. Ona biz getməliyik. Bunun üçün müəllimlərin sayə azaldılmalıdır, maaş isə artmalıdır. Kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti çatmır, həm xalqın uşağını şikəst etməməlidir, həm də digərlərin boğazına şərik olmamalıdır. Müəllim sinifdə yaxşı dərs deyəndən sonra uşağın repetitor yanına getməyinə ehtiyac qalmır. Oturub kitabdan oxuyar, istiqamətə uyğun hazırlaşır. Yaxşı müəllimin özü istiqamət verir”.
Millət vəkili vurğulayıb ki, indi bizdə bəzi universitetlərdə tələbə müəllimdən savadlıdır. “Çünki tələbə girir internetə, hər bir yerdən oxuyur. Müəllimlərin isə çoxu ötən əsrin 70-80-ci illərdə yazdığı konspektlə gəlib tələbəyə dərs deyir. Tələbə də ona qulaq asmır”.