Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 27-də Şirvan şəhərində "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, konfransda Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Masallı və Lənkəranda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirak edib.
Toplantıda çıxış edən Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov QHT-lərin vətəndaş təşəbbüskarlığının və cəmiyyətin ümumi inkişafında oynadığı roldan danışaraq bu istiqamətdə əldə olunan uğurların davamlı şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, şura sədrinin müavini Vüsal Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyinin artmasında dövlətin maraqlı olduğunu, bunun üçün hərtərəfli münbit şəraitin yaradıldığını qeyd edib.
V. Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin iqtisadi uğurlarını, Azərbaycanın dinamik inkişafını vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik.
Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov konfransda geniş məruzə və təqdimatla ilə çıxış edərək dövlətin QHT sektorunun formalaşması və inkişafı istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən və mövcud prioritetlərdən danışıb.
Şuranın QHT-lərə göstərdiyi xidmətlər haqında danışan Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyini yüksəltmək məqsədi ilə gördüyü işlər haqqında da məlumat verib: “Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.