Sirli türbə, tarixi bilinməyən məzarlıq – TAMAŞA DÜNYA
29 iyul 2013 17:29 (UTC +04:00)

Sirli türbə, tarixi bilinməyən məzarlıq – TAMAŞA DÜNYA

Lent.az “Tamaşa dünya” layihəsi çərçivəsində silsilə materiallarının yayımını davam etdirir. Lent.az-ın əməkdaşının növbəti səfəri Azərbaycanın ən qədim tarixinin izlərinin olduğu Qobustan rayonunadır.

 

Qobustan rayonunun mərkəzi Mərəzə kəndi yaxınlığında arxitektura baxımından gözoxşayan bir türbə var – Diri Baba türbəsi. Türbə qayalıq arasında dəfn olunmuş, kimliyi dəqiq bilinməyən şəxsin məzarı üzərində inşa edilib. Şirvanşahlar dövrünün arxitekturasına uyğun bir yaradıcılıq nümunəsi olmaqla yanaşı, quruluşu ilə digər türbələrdən fərqlənən Diri Baba türbəsi qayalıqlarla bir harmoniya içindədir. Türbə divarlarındakı lövhədə abidənin inşa tarixi 1402-ci il göstərilir, divarlarında isə ərəb əlifbası ilə ustad Hacının oğlu tərəfindən tikildiyi qeyd olunur. Türbə iki mərtəbə və bir günbəzdən ibarətdir. Birinci mərtəbədən qalxaraq ikinciyə və günbəz üzərinə qalxmaq olur. Günbəzdən türbə ətrafı və Mərəzə aydın görünür.

Hündürlükdən baxdıqda türbənin ətrafında naməlum məzarlarla dolu olan qədim qəbiristanlıq gözə dəyir. Daşlarında ərəbcə yarı silinmiş yazılar olan bu qəbirlərin orta əsrlərin hansı dövrünə aid olduğu dəqiq bilinmir. Ümumiyyətlə, türBə və məzarlıq tədqiqatçılar üçün öyrənilməsi vacib olan bir predmetdir. Ola bilsin ki, bu ərazi Azərbaycan tarixinin bir dönəminə işıq tutar və maraqlı faktları üzə çıxarar.

Türbənin ətrafındakı çox sayda yeraltı və yerüstü mağaralar isə başqa bir sirli aləmdir. Bu mağaralar əllə yonulan yaşayış yerlərinə bənzəyir, amma dəqiq nə məqsədlə istifadə olunması haqda məlumat yoxdur. Türbə inanclı insanlar üçün müqəddəs, sənət adamları üçünsə sənət əsəri olaraq maraqlı yerdir, görməyinə dəyər. Bakı – Şamaxı yolunun Mərəzə hissəsində, əsas magistral yoldan təqribən 2 km sağda yerləşir. Yolunuz burdan düşərsə rahatlıqla gedib görə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136

Oxşar yazılar