Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 5-də Naxçıvan Muxtar Respublikasına gedəcək.
QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə dekabrın 6-da Naxçıvanda baş tutacaq "Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır" mövzusunda konfransda iştirak etməkdir.
İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq tədbirlərin ardınca Naxçıvanda keçiriləcək konfransda Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları — Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete də Naxçıvana səfər edəcəklər.
Naxçıvana səfər çərçivəsində nümayəndə heyətinin bir sıra tarixi və dini əhəmiyyətli məkanları ziyarət etməsi nəzərdə tutulur.