Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursu ilə bağlı konfrans başlayıb.
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə öncə şəhidlərə və QMİ Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seydzadəyə rəhmət diləyib.
QMİ sədri bildirib ki, bu günlər Həzrət Əli və Heydər Əliyevin anadan olduğu günlərdir: “Bu insanlar elm üçün böyük işlər görüblər. Heydər Əliyev qurduğu Yeni Azərbaycanda din-dövlət münasibətlərinin əsasını qoyub və bu xətt prezident İlham Əliyev tərəfindən davam etdirilir. Fransa prezidenti Fransua Olland dünən Azərbaycan barədə, ölkəmizin inkişafı barədə xoş sözlər deyirdi. Bununla bərabər, dini sahədə də inkişaf var”.
QMİ sədri deyib ki, din xadimləri dövlətin möhkəmlənməsi və dinin inkişafı istiqamətində də işlər görməlidirlər: “Millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu tədbirdə iştirak edir. Bu, dövlətin diqqətindən xəbər verir. Deməli, biz də dövlətimizə qarşı olanlara, düşmənlərə qarşı birgə savaşmalıyıq. Biz işğal olunmuş torpaqlarımızın dərdini çəkməliyik, ancaq bir şuşalı gedib Suriyada ölür. Sünni-şiə məzhəbləri arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşmalıyıq. Nə üçün biz sünni və şiəyə ayrılmalıyıq, düşmən də bundan istifadə etməlidir? Elə analar var ki, mənin yanıma gəlib deyirlər ki, oğlunu qaytaraq, heç olmasa ölüsünü...
Təkmilləşdirmə kursunda 50 şiə və sünni oxuyacaq. Məqsədimiz aydındır. Biz özümüz də dəyişmək, müasir həyatla ayaqlaşmaq istəyirik. Axundlar, imamlar da müasir həyatla ayaqlaşmalıdırlar”.