Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici borcu təxminən 20 dəfə üstələyir.
“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Onun sözlərinə görə, digər vacib amil Azərbaycanın güclü maliyyə sisteminə malik olmasıdır.