Seyid Camal: “Zərərli qurumlar vaxtı ilə dövlət qeydiyyatından keçiblər”
25 fevral 2013 19:23 (UTC +04:00)

Seyid Camal: “Zərərli qurumlar vaxtı ilə dövlət qeydiyyatından keçiblər”

 

 

 

“Dini Komitəsi ilə birgə həmin qurumların zərərsizləşdirilməsinə çalışacağıq”

 

“Bildiyiniz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın Ermənistanla cəbhə xəttində, Ağdamın Çəmənli kəndində “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” kampaniyası çərçivəsində azan səsinin bərpa edilməsi ilə bağlı böyük tədbir keçirilib. Həmçinin Dini Komitə belə bir təkliflə çıxış edib ki, həmin azan cümə günü ölkənin bütün məscidlərində səslənsin. Biz Qarabağ Seyid Ocaqları olaraq bu təklifi müsbət qiymətləndiririk”. Bunu Lent.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib. Onun sözlərinə görə, Qarabağ boğazı ilə oxunan azan içimizdəki milli ruhun oyanmasına səbəb olacaq.

 

C.Əzimbəyli təəssüflə qeyd edib ki, bəzən bu məsələyə iqtidar-müxalifət prizmasından da yanaşanlar var: “Dini Komitə mənəviyyatımızın dirçəlməsi üçün bu məsələyə diqqət ayırırsa, buna dəstək vermək lazımdır. İnancları insanları da  “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” kampaniyasına qoşulmağa çağırıram”.

 

DQİDK-nin fəaliyyətini də müsbət qiymətləndirən C. Əzimbəyli bildirib ki, Dini Komitəyə Elşad İsgəndərovun sədr təyin edilməsi bu sahədə uğurlu fəaliyyətin əsas təminatı olacaq. “Dini Komitənin sədri Elşad İsgəndərov az bir müddətdə mənəviyyat adamları, dini qurumlarla sistemli şəkildə əlaqə  qurmağı bacardı. Artıq Azərbaycan dindarlarının əksəriyyəti Elşad İsgəndərovu özünə qardaş elan ediblər. Mən bunu ədalət prinsiplərinə sadiq bir insan kimi deyirəm. Dindarların da Dini Komitəyə müsbət münasibət göstərməsi məni məmnun edir” - deyə, şərqşünas əlavə edib.

 

Ölkəmizdəki dini duruma da münasibət bildirən C. Əzimbəyli qeyd edib ki, bəzi zərərli qüvvələr ölkəmizdə mövcud olan tolerantlıqdan istifadə etməyə çalışırlar: “Çox təəssüf ki, həmin qüvvələr bəzi müsəlman ölkələrinin buradakı məkrli planlarının həyata keçirilməsinə cəhd edirlər. Azərbaycanda tolerantlıqdan istifadə edərək xeyriyyə təşkilatları adı altında zərərli qurumlar vaxtı ilə hətta dövlət qeydiyyatından keçiblər. Dini Komitə ilə birgə o cür zərərli qüvvələrin ifşa edilib, zərərsizləşdirilməsi üçün çox böyük layihələr həyata keçirəcəyik”.

 

Seyid Camalın sözlərinə görə, son zamanlar Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli çağırışlara rast gəlinir: “Mən hər kəsi, o cümlədən inanclı insanları dövlətimiz naminə, müstəqil Azərbaycan naminə ayıq-sayıq olmağa çağırıram”.

 

Şərqşünas Türkiyə prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sarksiyanı təbrik etməsi məsələsinə də münasibət bildirib: “Qarabağ Seyid Ocaqları olaraq hər zaman qeyd etmişik ki, Türkiyə Azərbaycan üçün dost, qardaş və müttəfiq ölkədir. Təbii ki, Türkiyə prezidentinin bu cür hərəkəti on minlərlə insan kimi məni də narahat etdi. Biz azərbaycanlı olaraq hər zaman Türkiyənin yanında olduğumuzu, onların dərdini öz dərdimiz hesab etdiyimizi bildirmişik”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar