Gənc yazar Səxavət Sahilin “İsanın qadını” adlı yeni işıq üzü görən romanı artıq satışa çıxarılıb. Lent.az-ın məlumatına görə, kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çap olunub.
“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, Məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.
Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, Məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan süjetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb.
Kitabın redaktoru Kənan Hacıdır.