GÜNÜN ŞƏRHİ
Cənub Qaz Dəhlizi dünyanın ən zəngin qaz yataqlarından birini Avropa ilə birləşdirəcək layihə hesab edilir. Bu layihə həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını daha da möhkəmləndirməklə orta və uzaq hədəflərə hesablanmış bir layihə kimi də böyük dəyərə malikdir. Layihə gerçəkləşərsə, Avropanın enerji ilə təminatında balans kifayət qədər dəyişəcək və qitənin enerji təhlükəsizliyi xəritəsi yenidən çəkilmiş olacaq. Bu kəmərlər sistemi Avropaya alternativ xətlərlə mavi yanacaq idxal etmək imkanı verəcək. O Avropaya ki, enerji istehlakında mavi yanacağın payı ildən ilə artır. Təbii qaza tələbatı artan “Köhnə dünya” uzun illərdir ki Rusiyadan enerji asılılığını azaltmaq problemini həll etmək zərurəti ilə üzləşib. Cənub Qaz Dəhlizi bu problemi qismən həll etmiş olacaq. Bu gün təməli qoyulan TANAP Cənubi Qafqaz Boru Kəməri ilə Transadriatik Qaz Kəmərini bir-birinə birləşdirəcək orta həlqədir. Bu həlqə həm də Azərbaycanı qaz ölkəsinə statusuna sürətlə transformasiya edən 45 milyardlıq layihənin tərkib hissəsidir. Azərbaycan qazı Rusiyanın Avropa bazarındakı hakim mövqeyini azaltmasa da, bazarda bir alternativ olduğunu göstərmiş olacaq. Digər tərəfdən Cənub Qaz Dəhlizi layihəsi Ukraynanın qaz tranzitində inhisarçı mövqeyini zəiflədəcək, Türkiyənin tranzit ölkə statusunu isə artıracaq.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Mart
0
0
0
0