GÜNÜN ŞƏRHİ
Şahmatda oyunun taleyinin hansı mərhələdə həll olunduğu daim mübahisə mövzusu olub. Bir sıra şahmatçılar nəticənin uğurlu debütdən asılı olduğunu qeyd edir, əksəriyyət isə ən çətin mərhələnin oyunun ortası – yəni mittelşpil olduğunu vurğulayır. Mittelşpil fiqurların dəyişdirildiyi, hücum xəttinin dəqiqləşdiyi mərhələdir. Qərblə Rusiya arasında oynanan böyük şahmat oyunu da artıq bu mərhələdədir. Neftin ucuzlaşdırılması, Rusiyaya qarşı sanksiyalar, Ukraynada separatçı rejimlərin baş qaldırması, ölkənin şərqində gedən şiddətli döyüşlər böyük şahmat oyununun debüt hissəsi idi. Artıq ikinci mərhələ başlayıb, siyasətdə bu mərhələyə maraqların uzlaşdırılması, sövdələşmə, yaxud daşların yerinə oturması mərhələsi də deyilir. ABŞ və Rusiya fiqurları dəyişdirir, ruslar Avropaya qaz nəqlinin tam gücü ilə bərpa edir, ABŞ Ukraynanı silahlandırmaq ideyasından rəsmən imtina edir, Almaniya dərindən nəfəs alır, OPEK isə neftin qiymətinin yenidən bahalaşacağı barədə proqnozlar səsləndirir. Hər şey qarşıdurmadan əvvəlki vəziyyətinə qayıdır, sadəcə oyunun bu hissəsinə gəlib çıxmaq üçün qurban verilən piyada var... Ukrayna kimi...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Mart
0
0
0
0