Şəriət əldən getdimi?
12 iyul 2013 11:03 (UTC +04:00)

Şəriət əldən getdimi?

Yenə həmin dalğa, həmin koordinat. Dinimizi təhqir etdilər, dini rituallarımızı ələ saldılar. Vaveyla, şəriət əldən getdi və s. kimi qışqırıqlar yenə gündəmi zəbt etməyə başladı. İndi bizə müraciət edirlər ki, bunu etmiş bir yazara qarşı kampaniyaya nədən qoşulmuruq?


Açığı, mən bu din qoruyucularını anlamaqda çətinlik çəkirəm. Ayrı-ayrı fərdlər zorakılığın İslamın mahiyyətində yatdığını isbatlamaq üçün qıcıqlandırıcı testlər keçirirlər. Bu testlərə dindarlar tərəfindən verilən cavablar onların istəklərinə tam uyğun gəlir. Baxın, bir Salman Rüşdiyə qarşı Xomeyninin ölüm fətvası və yaxud Rafiq Tağıya qarşı Fazil Lənkəraninin verdiyi ölüm fətvası İslam adından cavab olaraq zorakılığı ifadə etmirmi? Yaxud Uca Peyğəmbərimizin karikaturalarına hiddətlənmiş kütlənin səfirlik binalarını yandırması bu dində zorakılığın əsas metod olaraq mənimsənildiyi təsəvvürünü yaratmırmı? Hiddətlənmiş din qoruyucularının kiminsə başının kəsilməsini göstərən videolarının yayılması, əsrlər öncə ölmüş səhabənin məzarının sökülməsi və cəsədinin çölə atılması, dinə zidd hərəkətlər adı ilə Yaxın Şərq ölkələrində yüzlərlə insanın öldürülməsi faktları insanların şüur altında nə qədər xoşgörü mesajları səsləndirsə də, İslam dininin yayıldığı arealda sanki bir zorakılıq aurası yaratmış.


İndi nə baş vermiş? İslam dininin forma və mahiyyətini qəbul etməyən bir yazar özünü bir az Mirzə Fətəliyə oxşatmağa çalışmış, dini bilgisi ondan çox-çox aşağı olmasına baxmayaraq, bəsit bir şəkildə İslamın zərərləri mövzusunda müzakirə açmaq istəmiş, məhz gündəlik yaşamda qarşılaşdığı İslam formasını ələ salmış, bunu əfsanələr yığnağı olaraq dəyərləndirmiş. Bəli, təhqir də var, ələ salma da, nifrət də, inkarçılıq da. Ancaq nə olsun? Bunun cavabı zorakı metodları işə salaraq verilməz ki...


Təsəvvür edin ki, VII əsrdə başqa bir din mənsubu İslam dinini ələ salır, Peyğəmbəri təhqir edir. Təsəvvür edirsinizmi, Hz. Məhəmməd onu təhqir edən kimsənin daşqalaq edilməsini, kəlləsinə görə pul mükafatı qoyulmasını, başqa üsullarla öldürülməsini əmr etsin? Taifdə onu təhqir edənlərin hansından qisas aldı Peyğəmbərimiz? Məgər bilmirsiniz ki, Məkkəyə girərkən çoxları qisas gözlədiyi bir halda, tamamilə başqa bir davranışla qarşılaşdıqlarına görə bu din üzərində qəti seçim etdilər?

 

Bu gün Azərbaycanda İslam adı ilə təqdim olunan din müəssisələrinin, din xadimlərinin, ibadət formalarının, mərasimlərinin çoxunun İslamın gerçək mahiyyətindən nə qədər uzaq olduğunu az-çox sağlam düşüncəsi olan dindarlar açıq-aşkar dilə gətirmirlərmi? Səfəvi molla sinfinin dünyəvi maraqları üzərində qurulmuş dini düşüncəmizin nəticəsidir ki, elmdən uzaq, tərəqqidən uzaq, qaranlıq bir dünyanın ünsürləri olaraq qalmaqdayıq. Sanki sizlər pirlərin, ziyarətgahların qapısında nə qədər azərbaycanlının başını daşa sürtdüyünün, nəzirlə, falla iş aşırdığının müşahidəçisi deyilsiniz. Ancaq bütün bunların İslamın gerçək mahiyyətinə nə dəxli?


Heç şübhəsiz ki, İslamı tanımayan, sevməyən, ona qorxu dini kimi baxan çox sayda insan var. Bunların hamısını etdiyi təhqirə, lağlağıya görə susdurmalıyıqmı? Bəlkə bir daha davranışlarımızla, ədəbimizlə, əxlaqımızla nümunə olaraq bu mükəmməl din haqqında yanlış təsəvvürləri olan insanları, yenidən öz görüşləri üzərində düşünməyə təşviq edək? Bəlkə Allahın dininin siyasi rejimlərin adına köçürərək tətbiq olunan bütün yaramazlıqların İslamla əlaqələndirilməsinə son qoyaq? Dindarlığı gözə soxmaq üçün hər şeyin formaya indeksləşməsindən bəlkə bir az uzaq duraq? Çoxlu bəlkələr tapmaq olar, ancaq etiraf edilməlidir ki, əslində hansısa inkarçı bir yazarın təhqiri, lağlağısı, İslamı yanlış görüntülərlə, yanlış izahlarla, yanlış əxlaq və davranışlarla təqdim edən dindar sayılan kimsələrin bu dini ələ salmasından daha az təhlükəlidir.


“Dində zorakılıq yoxdur!” Bu, bir qəti hökmdür. İslama qarşı, onun Peyğəmbərinə qarşı hansısa təhqirlə üzləşəndə bu ayənin mahiyyətini unutmadan tutarlı, əsaslandırılmış cavablar vermək daha doğru seçim sayıla bilər. Hər şeyin doğrusunu Allah bilir...

 

 

# 1954
avatar

Fazil Mustafa

Oxşar yazılar

Qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

17 may 2024 , 09:10
Dünyanı  radiasiya qasırğası   vuracaq: Tarix AÇIQLANDI

Dünyanı radiasiya qasırğası vuracaq: Tarix AÇIQLANDI

17 may 2024 , 09:09
Mayın ortalarında xəzinə tapacaq  BÜRCLƏR

Mayın ortalarında xəzinə tapacaq BÜRCLƏR

17 may 2024 , 00:02
Bakıda  tıxacların   aradan qaldırılması üçün 7 layihə

Bakıda tıxacların aradan qaldırılması üçün 7 layihə

16 may 2024 , 17:36
Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib

Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib

16 may 2024 , 15:47
 Təhlükəli küləklə   bağlı XƏBƏRDARLIQ

Təhlükəli küləklə bağlı XƏBƏRDARLIQ

16 may 2024 , 15:29
Sabah üçün tibbi-meteoroloji PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

16 may 2024 , 15:07
Bakıya  güclü yağış   yağacaq - Sabahın HAVASI

Bakıya güclü yağış yağacaq - Sabahın HAVASI

16 may 2024 , 12:55