Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF sədri Səlim Müslümov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil yüksəlib.
Səlim Müslümov bildirib ki, keçən ildə də ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gercəkləşdirilib. Əmək pensiyalarının orta aylıq məbləği 2012-ci ilin əvvəlinə nisbətən 4,5 faiz artaraq 152 manat , o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edir. Görüşdə iştirak edən pensiyaçıların əmək fəaliyyətləri dövründə respublikamızın ayrı-ayrı sahələrinin inkişafına xüsusi xidmətlər göstərdiyini, onların keçdiyi həyat yolunun gənc nəsil üçün örnək olduğunu söyləyən Səlim Müslümov onlara can sağlığı arzulayaraq, ən xoş arzularını çatdırıb.
Səlim Müslümov görüşdə pensiyaçıları maraqlandıran məsələlərə aydınlıq gətirib və yaxın gələcəkdə nəzərdə tutulan islahat tədbirləri barədə məlumat verib. Sonda pensiyaçılara xatirə hədiyyələri təqdim olunub.