Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclası keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, prezident İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN-nin fəaliyyət sahələrində aparılan islahatların bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə iş mexanizminin müasir tələblərə uyğun qurulmasına yönəldiyini vurğulayıb: “Bununla əlaqədar ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə məlumatların ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları (TSEK) ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla, elektron şəkildə mübadiləsinə imkan verib. Həmin sistem əlillik təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş təmaslarını minimallaşdırmağa yönəlib. Artıq cari ilin əvvəlindən TSEK-lər tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür”.
S. Müslümov bununla yanaşı, tibbi-sosial ekspertiza xidmətinə daim ciddi nəzarət olunduğunu, ötən il ilkin əlillik təyin olunanların 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin 3937 nəfər azaldığını qeyd edib. Nazir bildirib ki, ötən il həmçinin ilkin əlillik təyin olunanlar arasında ağır dərəcəli əlillərin xüsusi çəkisi də 82,1 faizdən 79,9 faizə düşməklə 6983 nəfər azalıb. Bu müddətdə tam reabilitasiya olunanlar 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanlar isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib. Başqa sözlə, tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. “Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi meyarlarının yalnız tibbi yanaşma əsasında deyil, bio-psixo-sosial model, yəni əlillik təyin olunmuş şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsi prinsipi əsasında formalaşdırılması işləri aparılır”.