Şəhid Təbriz Musazadəyə həsr olunmuş layihəyə yekun vurulub
İyunun 15-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Şəhid Təbriz Musazadənin həyat və döyüş yolu barədə məlumatlandırma tədbirinin keçirilməsi” layihəsi çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində növbəti tədbir keçirib.
Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, layihədə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Təbriz Musazadəkimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində keçirilən tədbirlərdən söz açan R. Cürənov İctimai Birliyin gələcəkdə də vətənpərvərlik yönündə layihələr keçirəcəyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatoru Gülsəba Ələsgərova Şuranın vətənpərvərlik yönümündə layihələri dəstəklədiyini qeyd edib, şagirdlərə tövsiyələrini çatdırıb. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bununla da “Şəhid Təbriz Musazadənin həyat və döyüş yolu barədə məlumatlandırma tədbirinin keçirilməsi” layihəsinə yekun vurulub.
Qeyd edək ki, Təbriz Musazadə 1981-ci ilin 12 avqustunda Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Yaqublu kəndində anadan olub. 1993-cü ildən Bakıya köçüblər. Burada o, 165 saylı məktəbdə oxuyub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 3 il liseydə oxuduqdan sonra 1999-cu ildə Ali Hərbi Məktəbdə təyyarəçilik üzrə təhsilini davam etdirib. 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzinin bitirib. 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan Müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. 2005-ci ildə Pərişan xanımla ailə qurub, Tayfun və Onur adlı iki övladı var.
2016-cı il aprel döyüşlərində mayor Təbriz Musazadə mayor Urfan Vəlizadə və baş leytenant Əbu Bəkir İsmayılov ilə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstərib. Hərbi vertolyotda ekipajın komandiri Təbriz Musazadə olub. Aprelin 2-də Qəhrəman pilotlarımızın birgə idarə etdiyi “Mi-24” helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum çəkən düşmən qüvvələrinə böyük zərbə vurub, düşmən qüvvələrini cəbhənin dərinliklərində məhv edib. Onların bu qəhrəmanlığı düşmənin hücumunun dəf olunmasında həlledici rol oynayıb. Ancaq bu qorxmaz Vətən övladlarının olduğu helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub.
Helikopter cəbhədə neytral əraziyə düşüb, Təbriz Musazadə və silahdaşları şəhid olub. Onların nəşi aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də Bakıda qəhrəman pilotlarla vida mərasimi keçirilib. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.
Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
456