Səbaildə Xocalı  faciəsinin 21-ci ildönümü anılıb
25 fevral 2013 14:08 (UTC +04:00)

Səbaildə Xocalı faciəsinin 21-ci ildönümü anılıb

Xocalı faciəsinin ildönümü respublikanın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunur. Bu gün isə rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub, rayonun ali məktəblərində anım tədbirləri keçirilib, Dövlət Gənc Tamaşaçılar Teatrında «Əcəl atı» tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun «Adsız qadın» romanı əsasında hazırlanan tamaşaya ictimai baxış təşkil olunub. Bundan başqa Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Nadir Rəşadov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirib.

 

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar