Səbail rayon rəhbərliyi, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və KİV nümayəndələrinin, çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunan təntənəli anım mərasimi keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, ilk əvvəl tədbir iştirakçıları mərhum prezidentin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış edib. Natiq qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazan qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib.
Heydər Əliyev - həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, mərhumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.
Sonra tədbirin bədii hissəsində Azərbaycan Televiziyası və Radiosunun «Niyazi» adına simfonik orkestri (dirijor Nazim Hacıəlibəyov) və Cahangir Cahangirov adına xor, xalq artistləri Ramiz Quliyev və Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Azərin, tanınmış ifaçilar Ramin Qasımov, Samir Səfərov, Mədinə Şahgəldiyeva, balaban ifaçıları Fariz Əliyev, Həsən Ağayev və başqaları çıxış ediblər.