Saqqalıyla ayaqyolu təmizləyən Babam?
05 dekabr 2014 16:51 (UTC +04:00)

Saqqalıyla ayaqyolu təmizləyən Babam?

Onun-bunun dalınca danışmağın, kimlərəsə qara yaxmağın naqisliklərimizdən biri olduğu heç kəsə sirr deyil. Ancaq bu naqislik tarixi olaylara, şəxsiyyətlərə, ələlxüsus xalqın böyük kişilərinə də şamil olunanda, artıq fərdlərə, yaxud bir nəslə yox, bütöv xalqa, onun mübarizəsinə, şanlı keçmişinə, gələcəyinə çamur atmış oluruq.

 

Bu cür şərəfsiz haqsızlıqla üzləşmiş böyüklərimizdən biri də I Cümhuriyyətin Hərbiyyə Naziri general Səməd bəy Mehmandarovdu. Mehmandarovun həyatı, özündən sonra ailəsinin taleyi ilə bağlı mətbuatda gedən kəllə-mayallaq fikirləri, yanlış informasiyaları bu barədə yazanların diletantlığına, təcrübəsizliyinə bağlayıram. Məsələn, mətbuatdan oxuyuruq: “1928-ci ildə səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova dövlət 100 manat pensiya kəsmişdi. Generalın həyat yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o zaman sürgünə göndərilir, qocalmış və əldən düşmüş Mehmandarov isə Bakıda qalır”. 

 

Məntiqsizlik ilk baxışdan gözə girir. Necə ola bilər ki, generala 100 manat təqaüd kəssinlər, ailəsini isə sürgünə göndərsinlər? Əslində, Səməd bəy Mehmandarovun həyat yoldaşı generalın ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçüb. Onları 1937-ci ildə Saratova, 1941-də isə Sibirə sürgün eləyiblər. Müharibə illərində növbəti dəfə etap olunarkən Yelizaveta Nikolayevna faşistlərin bombardmanı zamanı qatarda həlak olur, oğul Mehmandarov isə sürgündən sonra uzun müddət Kalininqradda yaşayır, 1977-ci ildə isə dəvətlə Bakıya gəlir. Burada başqa bir generalımız – general-mayor Heydər Əliyevin göstərişi ilə general oğluna paytaxtda mənzil verilir...

 

Yaxud, deyirlər, guya Mehmandarov 1920-ci ilin aprel günlərində Rusiyanı nəzərdə tutaraq söyləyib ki, “mən and içdiyim ölkəyə qarşı döyüşmərəm!” Yalan deyənin lap... Guya, Mehmandarov bilmirdi ki, vaxtilə uğruna and içdiyi Rusiya artıq yox idi? Bunu yazan əbləhlər bilmirlərmi ki, Mehmandarov 1917-ci ildə fevral inqilabından sonra Çar Ordusundan istefa vermişdi və onun bundan sonra uğruna and içdiyi Ordu yalnız Azərbaycan ordusuydu, onun zabit şərəfi məhz Cümhuriyyət Ordusuna bağlıydı? Generalı boş verin, bir insana qarşı belə haqsızlıq olarmı? Məsələ belədir ki, Mehmandarovdan sadəcə, Ordunun durumunu soruşublar, o da deyib ki, 120 minlik Qırmızı bəlaya qarşı döyüşə bilməyəcəklər, vəssalam... Bir də Parlament 1920-ci il aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar çıxarandan sonra Hərbiyyə Naziri deyilən bir mənsəb qalırdımı ki, hələ bir əmr də verə bilsin?..

 

Məhz belə çamurların nəticəsidir ki, bir baxın “Azadlıq” radiosunun saytında Mehmandarovla bağlı yazının altından nə cür şərh oxuyuruq: “Mehmandarov rus generalı kimi Azərbaycan xalqının yaratdığı ordunu 11-ci ordunun qarşısına çıxartmadı. “Mən and içdiyim ölkəyə qarşı getmərəm” - dedi... Bu, Azərbaycanın tarixində bu ən böyük satqınlıq idi. Döyüşmək əvəzinə rusa təslim olan, ordunu komandansız qoyan, sonra rus soldatı qarşısında küçə süpürən generala lənət oxumaq əvəzinə onu ideallaşdırmaq və tarixi saxtalaşdırmaq heç də bizə şərəf gətirməz”.

 

Necədi, hörmətli “tarixçilər”? İnsanların əllərinə bu cür təhqirlər və yanlışlıqlar üçün verdiyiniz dəstəvuzlarınızı necə söyüm ki, ürəyim soyusun, o Kişinin ruhu azacıq da olsa dinclik tapsın? Xülasə, belə yanlışlıqlar kifayət qədərdi. Ancaq bu gün Mehmandarovdan söhbət düşəndə hamının bir ağızdan tutuquşu kimi təkrarladığı bir ifadə var: “Ağ saqqallı Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər”. Hələ bundan irəli gedib daha böyük qələtlərə yol verənlər də var: “General Səməd bəy Mehmandarovu saqqalıyla ayaqyolunu təmizləməyə məcbur edirmişlər, o da təmizləyirmiş...” Bu kimi fikirləri yazanlar, Allah qoymasa, bolşeviklərin necə amansız olduqlarını göstərdiklərini zənn edirlər. Ancaq burada bir məqamı unudurlar: bolşevik əsgərləri nə qədər amansız və tərbiyəsiz olurlar-olsunlar, nə tələb edirlər-etsinlər, öz işləridir, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarov bunu eləyərdimi? Ömrü qanlı döyüşlərdə keçmiş, dəfələrlə ölümün gözünə dik baxmış, Rus-Yapon müharibəsində əsir düşərkən yaponların “bir daha müharibədə iştirak etməyəcəyəm, iltizamı ver, azadsan” tələbinə rəğmən bu iltizamı yazmayan bir kişi hansısa qor-qoduğun hədəsindən saqqalıyla ayaqyolu təmizləyərdimi? Mən bu fikrin ilk dəfə kimin tərəfindən yazıldığını bilmirəm. Ancaq adamın Allahı olar... Babamız Mehmandarov haqqında yayılmış bu kimi informasiyalarla bağlı müraciət elədiyim tədqiqatçı dostlarımızın hamısından “bu məsələnin sübutu yoxdur” cavabını aldım. Böyük dostum, Milli Təhlükəsizlik Nazirliyinin istefada olan zabiti, gözəl tədqiqatçımız Elşad Qocadan, “Mənim babam kim olub” kimi dəyərli kitabın müəllifi Vasif Quliyevdən aldığım cavablar ürəyimə sərin su səpdi... Bəli, dostlar, qardaşlar, bu “süpürgə məsələsi”ni bilmərrə unudun, dezinformasiya yayıb, o Kişinin ruhunu narahat eləməyin, vallah-billah Mehmandarov elə şey etməyib...

 

...Generalımızın “saqqalının süpürgə olması”ndan danışanlara həmişə bircə sual verirəm: “Bura bax, sən onun yerinə olsaydın, süpürərdinmi?” Birmənalı olaraq hamı “mən? yox!” cavabını verir... Və onda yenidən həmin adamdan soruşuram: “Yəni, Mehmandarov səndən balaca və cılız kişiyidi..?” Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh...

 

Və özünüzə rəva görmədiyinizi başqalarına, ələlxüsus Babalarınıza rəva görməyin, cənablar və xanımlar...

 

 

[email protected]

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar