2017/2018-ci tədris ilindən başlayaraq SABAH yataqxanasında yaşayış ödənişsiz, yemək xərcləri isə ödənişli olacaq.
Lent.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə SABAH qruplarında tədris alacaq və yataqxanada qalacaq tələbələrə göndərilmiş məktublarda qeyd edilib.
Bildirilib ki, 2017/2018-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş və yekun qeydiyyat zamanı yataqxanaya ehtiyac barədə seçimi işarələnmiş tələbələr 27 avqust 2017-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Tələbələrə həmçinin yemək xidmətinin qiyməti, ödənişi qaydaları və yemək saatları barədə məlumatlar verilib.
“Qeyd edilib ki, yemək paketlərinin qiyməti: səhər yeməyi-2 manat, günorta yeməyi 3 manat, axşam yeməyi-7 manatdır. Səhər, günorta və axşam yeməklərini ayrı-ayrılıqda, birgə və ya kompleks paket halında seçmək mümkündür. Kompleks paket halında seçildikdə səhər, günorta və axşam yeməklərinin birgə qiyməti 7 manatdır. Menyu bir həftə öncədən tələbələrə təqdim olunmaqla, tələbə rəyləri nəzərə alınmaqla hazırlanacaq.
Yemək xidmətinin ödənişi tələbələrlə yataqxanaya yerləşmə zamanı idarəedici şirkətlə bağlanılacaq müqavilə əsasında aylıq olaraq hər ayın ilk 10 günü ərzində tələb olunacaq. Tələbələr hər ayın əvvəli ödəniş etmədən əvvəl həmin ay yemək təklifindən istifadə edəcəkləri günlərin sayını (ay ərzində 25-dən az olmamaqla) qeyd etməlidir. Mart ayındakı bayram günləri nəzərə alınaraq bu ay ərzində yemək təklifindən istifadə edəcəkləri günlərin sayı minimum 10 ola bilər. Tələbələr ödəniş olunmuş, lakin ay ərzində istifadə olunmamış yemək xidmətini digər aylarda istifadə edə bilər”.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu cür addımla təhsilin inkişafına böyük maneə yaradılıb.
“Yarandığı gündən etibarən SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edirdi. Təəssüflə qeyd etmək istəyirəm ki, artıq imkanı zəif olan tələblərə yaradılmış bu gözəl şərait və imkanlar ləğv olunur. Maddi vəziyyəti o qədər də yaxşı olmayan minlərlə tələbə bu layihədən istifadə edərək həm yüksək səviyyədə təhsil alırdı, həm də yaşayış və digər məsələləri həll edirdi. Yeni tədris ilindən etibarən SABAH qrupunda təhsil alan tələbələrin bütün imtiyazları dayandırılır.
Hesab edirəm ki, bu addım onsuzda yaxşı vəziyyətdə olmayan ali təhsil müəssisələrinin kadr hazırlığına vurulan zərbədir. Tələbələrə edilən güzəştlər dayandırılmamalı, onlara verilən imkanlar davam etdirilməlidir. Çünki orda təhsil alanların maddi imkanları tələbləri qarşılamağa imkan vermir”.
Qeyd edək ki, tələbə üçün aylıq yemək xərci 210 manat təşkil edir.