Ötən ay Qobustan rayonunda Şıxzəhirli vulkanının püskürməsinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin bir neçə seysmik stansiyası tərəfindən qeydə alınması xarici ölkələrdəki mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Bu barədə Lent.az-a RSXM-dən məlumat verilib.
Bununla bağlı olaraq bp şirkətinin struktur geologiya üzrə mütəxəssisi Qulyamo Bakke RSXM-in Monitorinq Mərkəzində olub.
RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə keçirilən görüşdə əvvəlcə qonağa Şıxzəhirli vulkanının püskürməsi zamanı çəkilən video və onun zəlzələlərlə əlaqəsinə dair materiallar təqdim olunub. Daha sonra tərəflər palçıq vulkanları ilə zəlzələlər arasındakı əlaqələrin öyrənilməsi istiqamətdə birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.