Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
Bildirək ki, bu gün saat 17:45-ə olan məlumata əsasən ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.