2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul imtahanlarının vaxtı bilinib. APA-nın xəbərinə görə, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2017-ci il aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2017-ci il iyulun 5-də keçiriləcək.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2017-ci il mayın 15-dən 22-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmayacaqlar.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.
İmtahanda iştirak etmək üçün namizəd 2017-ci il aprelin 3-dən etibarən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı üçün, iyunun 25-dən etibarən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı üçün “Namizədin imtahana buraxılış vərəqəsi”ni http://eservices.dim.gov.az/erizerez/brxvrez internet səhifəsindən çap edib götürür.
Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd 2017-ci il iyulun 7-dən 14-dək “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə əsasən, bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək, onların kodlarını elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (bu haqda əlavə məlumatlar “Rezidentura” jurnalının 2017-ci il 3-cü nömrəsində veriləcək).
Qeyd edək ki, DİM martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.