Bu yolun yenidən qurulmasına başlanıldı
12 iyun 2019 11:34 (UTC +04:00)

Bu yolun yenidən qurulmasına başlanıldı

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, ötən 70-ci illərində o vaxt olan normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb. Bu isə ciddi mənada hərəkətə maneə törədirb. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıb.
 
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.
 
Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir.
 
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.
 
Layihəyə əsasən yolun ümumi eni 15 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək.
 
Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək.
 
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
 
Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar