Rayonlara qar yağır
30 yanvar 2014 17:50 (UTC +04:00)

Rayonlara qar yağır

Ötən gün gecə saatlarından başlayaraq respublikanın əksər rayonlarında, o cümlədən paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur, bir çox rayonlarda intensiv qar yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, bura əsasən Böyük Qafqazın rayonlarını misal göstərmək olar. Onun sözlərinə görə, hazırda Şamaxı, Mərəzə, Altıağac, Xaçmaz, Quba rayonlarında intensiv qar müşahidə olunur: “Abşeron yarımadasında isə sulu qar yağır. Axşama doğru, gecəyə yaxın Abşeron yarımadasında havanın temperaturu mənfi olacaq, sulu qar qarla əvəz olunacaq. Hazırda daha çox qar Böyük Qafqazın şimal-şərq yamacında müşahidə olunur. Belə ki, səhər saatlarına olan məlumata görə, Mərəzə, Altıağac, Quba, Şamaxıda qar örtüyünün hündürlüyü 8 sm çatıb. Şəkidəki Sarıbaş stansiyasında da 14 sm-ə qədər qar örtüyü var”.

 

U. Tağıyeva qeyd edib ki, rayonlarda yağıntılı hava şəraiti şimal-şərq küləyinin güclənməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, güclü küləyin maksimal sürəti  Biləsuvarda 19-20 metr, Neftçalada 20 metrə çatıb. Abşeron yarımadasında isə şimal küləyinin maksimal sürəti saniyədə 20-24 metrə çatır.

 

O bildirib ki, bu gün gecə saatlarında havanın temperaturunun mənfi olacağı gözlənilir, ona görə də yaranmış şəraitə uyğun olaraq yolların buz bağlaması ehtimalı var: “Fevralın 1-də və 2-də isə külək bir qədər səngiyəcək və yağıntılar intensiv olmayacaq. Lakin şaxtalı hava şəraiti fevralın ilk günlərində də davam edəcək. Paytaxtda gecə 4-6 dərəcə, gündüz 0-2 dərəcə şaxta gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1564
avatar

Oxşar yazılar