Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycana rəsmi səfərə gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov A.Çikaidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
R.Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qonağa qısa məlumat verib.
Nazir mövcud problemlərdən də danışıb. R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Respublikamıza ilk dəfə gəldiyini deyən A.Çikaidze Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.