Şeyx: "“Daş yuxular” qəbuledilməzdir"
13 fevral 2013 14:09 (UTC +04:00)

Şeyx: "“Daş yuxular” qəbuledilməzdir"

Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etdiyi iddia olunan “Daş yuxular” əsərinin müzakirəsi keçirilib.

 

 APA-nın məlumatına görə, müzakirələrdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşenin, Azərbaycan Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin Bakıdakı nümayəndəsi Vladimir Fekete, bir qrup deputatlar və ictimai xadimlər iştirak ediblər.

 

Müzakirələrdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, əsər tamamilə Azərbaycan xalqının təhqir olunmasına həsr olunub və milli mənəvi dəyərlərimizə ziddir: “Burada Azərbaycan tarixi təhrif, İslam dini təhqir olunub. Əsasən dövlət başçımız haqqında obyektiv olmayan fikirlər səsləndirilir, 20 Yanvar və Xocalıda şəhid olanların ruhu təhqir olunur. Ona görə də bu əsər qəbuledilməzdir”.

 

Deputat Yaqub Mahmudov da əsəri başabəla əsər adlandıraraq millətimizə qarşı saxtakarlığa yol verildiyini deyib: “Mən əsərin 50 səhifəsini oxuyub başa çatana qədər bir neçə dəfə halım dəyişdi, səhhətimdə problemlər yarandı. Əsər həqiqətən dözülməzdir, yazıçı ermənilərin mövqeyindən çıxış edir və Azərbaycanın başına gələnlər pərdələyir. Əsər və müəllif vətənə xəyanət nümayiş etdirir. Bu Əkrəm Əylislinin görmək istədiyi yuxulardır. Ermənilər tərəfindən daim təcavüzə məruz qalan biz azərbaycanlılarıq, amma əsər ermənilərə bəraət qazandırır. Bu qədər azərbaycanlıları təhqir edən əsəri indiyə qədər yalnız ermənilərin terrorçu yazıçısı Zori Balayan yazıb. Əkrəm Əylisli də onun yolunu davam etdirdi”.

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşenin də çıxış edərək Azərbaycanın müxtəlif xalqların, müxtəlif dinlərin birgə yaşadığı nümunəvi ölkə olduğunu bildirib. O əsəri qeyri səmimi əsər kimi xarakterizə edib. Dİgər qonaqlar da çıxış edərək əsəri tənqid ediblər. Sonda QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının əsərlə bağlı bəyanatı səsləndirilib.

 

Bəyanatda bildirilir ki, Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq “Daş yuxular” əsərini birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun “Xalq yazıçısı” adından məhrum edilməsini ədalətli addım sayırlar: “Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin “Şöhrət” və “İstiqlal” kimi ali dövlət təltifləri daşımağa da heç bir mənəvi haqqı qalmayıb”.

 

Dindarların bəyanatında deyilir ki, qəhrəmanının dili ilə Azərbaycan xalqının ünvanına olmazın iftiralar yağdıran müəllifin guya xalqlar arasında barışığa nail olmaq məramında olduğu fikrini səsləndirməsi isə riyakarlıqdan başqa bir şey deyil: “Nədənsə İrəvanda, Qarabağda - Şuşada, Ağdamda, Xankəndidə dağıdılmış, təhqir etmək məqsədilə heyvanların buraxıldığı məscidlərimizin, viran qoyulmuş ziyarətgah və qəbiristanlıqlarımızın taleyi üçün narahat belə olmayan müəllifi ermənilərin öz adlarına çıxdıqları, əslində isə albanlardan miras qalmış kilsə və monastırların aqibəti hədsiz qayğılandırır, yuxusunu ərşə çəkir. “Məsum” adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir?! Müsəlman kəndi Əylisi ermənilərin Məkkəsi adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar