Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən bir qrup zəvvara xəbərdarlıq edib.
QMİ-dən APA-ya verilən məlumata görə, xəbərdarlıq qeydiyyatdan keçərək səfər üçün müəyyən olunmuş xərcləri hələ də ödəməyən, yaxud da yarımçıq ödəyən şəxslərə aiddir.
QMİ-dən bildiriblər ki, hər iki xidmət üzrə qeydiyyatdan keçənlər arasında xidmət haqqını tam olaraq və ya ümumiyyətlə ödəməyənlər var. Həmin şəxslər xərcləri ziyarətin başlamasına bir ay qalmışa qədər ödəməsələr, onlar limitdən artıq qeydiyyatdan keçənlər kimi ixtisara düşəcəklər. Çünki artıq ziyarətə qeydiyyatın başa çatmasının nəticəsi olaraq hər iki xidmətdə 300 nəfər limitdən artıq sənəd verib.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və ötən həftənin sonu başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət oktyabrın 2-də başlayacaq. Təklif olunan hər iki xidmət variantında limitlər dolub və ümumilikdə limitdən artıq hər xidmət növündə 300 nəfərdən çox zəvvar sənəd verib.
Limitdən artıq sənəd verənlərin ixtisarı isə ziyarəti təşkil edən QMİ rəhbərliyinin qərarından asılı olacaq. Qeydiyyatdan keçənlərin bir qismi hələ də xidmət xərcini ödəmədiyi üçün onların ixtisara düşmə ehtimalı daha böyükdür.
Son zamanlara yaxın nəzərdə tutulun limit artırılaraq 3200 nəfər qəbul olunsa da, sonradan bu limit yenidən azaldılıb.
Bu il nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.