Qiymətli kağızlar bazarı: artım var
26 aprel 2013 17:38 (UTC +04:00)

Qiymətli kağızlar bazarı: artım var

2013-cü ilin birinci rübü ərzində qiymətli kağızlar bazarı qeyri-neft sektorunun yüksək templi artımı və institusional, makroiqtisadi və struktur amillərinin davam etməsi fonunda fəaliyyət göstərib. Bu barədə Lent.az-a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.  Hesabat dövrü ərzində bazarın dövlət qiymətli kağızları seqmentinin bir sıra amillərin təsiri nəticəsində azalmasına baxmayaraq korporativ qiymətli kağızlar bazarı yüksək templi artım nümayiş etdirib. Dövr ərzində qiymətli kağızlar bazarının həcmi bütövlükdə 1,7 milyard manat olub. Bu da ÜDM-in 12,9 faizini, qeyri-neft ÜDM-nin isə 25,2 faizini təşkil edir.

İqtisadiyyatın qeyri-neft sektorunun maliyyləşməsinə xidmət edən korporativ qiymətli kağızlar bazarı cari rüb ərzində səhm və korporativ borc alətləri ilə aparılan əməliyyatlarda canlanma meyllərinin müşahidə olunması hesabına 65 faiz artaraq 146,3 milyon təşkil edib. Rüb ərzində yeni prudensial normalara cavab vermək üçün kommersiya banklarının səhm bazarından əlavə kapital cəlb etməsi səhmlərin ilkin bazarının sürətli artımına səbəb olub. Belə ki, dövr ərzində səhmlərin ilkin bazarı 2,7 dəfə, təkrar bazarı 1,9 dəfə, səhm bazarın bütövlükdə həcmi isə  2,2 dəfə artaraq 92 milyon manat təşkil edib.

Dövr ərzində Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən istiqraz yerləşdirilməsinin davam etməsi ilə yanaşı, özəl sektor təmsilçilərinin istiqraz vasitəsilə maliyyələşmə meyllərində fəallığı bütövlükdə korporativ borc bazarında əqdlərin sayı 50 faiz artmış, həcminin isə 17 faiz artaraq 54 milyon manat təşkil etməsi ilə nəticələnib. Belə ki, dövr ərzində AİF-in istiqrazları bazarı 2,6 dəfə artaraq 29 milyon manat, özəl şirkətlər tərəfindən yerləşdirilən istiqrazların məbləği isə 9 faiz artaraq 18,5 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Mərkəzi Bank tərəfindən aşağı inflyasiya şəraitində yumşaq, stimullaşdırıcı pul siyasətinin davam etdirilməsi ilə yanaşı Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılışının həyata keçirilməməsi dövlət qiymətli kağızlar bazarının 42 faiz geriləyərək 1,5 milyard manat təşkil etməsi ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar