”Ölkəmizdə QİÇS-ə yoluxmanın qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində şəbəkə yaradılır”. Lent. az-ın məlumatına görə,bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Bakıda keçirilən “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfransda bildirib.
Direktor bildirib ki, 50 könüllü müayinə məntəqələri həmin şəbəkəyə qoşulacaq: “Hər bir şəxs həm yardım almaqla yanaşı, testdən keçib 20-30 dəqiqə ərzində öz cavabını alacaq. Hazırda belə məntəqələrin 37-si artıq fəaliyyət göstərir. 6 mobil səyyar məntəqələr fəaliyyətdədir. Onlardan 2-si Bakı şəhərində, 1-i Sumqayıtda qalanları isə Şirvan, Lənkəran və Gəncə şəhərindədir. Azərbaycan ilk dəfə olaraq bununla bağlı Avropa həftəliyinə qoşulub. Noyabrın 22-dən 29-dək Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərində ali və orta ixtisas təhsili müəssisələrində tələblərin belə aksiyada iştirakı nəzərdə tutulub. Hazırda 3 ali məktəbin tələbələri könüllülük prinsipi əsasında bu müayinələrdən keçib və nəticələrini bilib. Bizim də məqsədimiz bu müayinədən keçmək, tələbələrə, yeniyetmələrə bu xəstəlik haqqında məlumat verməkdir”.